Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 17 iyul — Sputnik. "Azərbaycan ilə Gürcüstan strateji müttəfiqdir və heç bir cəhd iki ölkə arasında strateji münasibətləri poza bilməz. Ona görə ki, hər iki dövlətin, xalqın milli maraqları strateji kontekstdə bir-biri ilə uzlaşır. Həm Gürcüstanda, həm Azərbaycanda bunu yüksək qiymətləndirirlər və həmişə də yüksək qiymətləndirəcəklər. Biz bir-birimizə məhkum olan müttəfiqlərik və bu müttəfiqlik münasibətlərinin pozulması xalqlarımızın xeyrinə deyil".
Bunu Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Hikmət Məmmədov Gürcüstanla sərhəddə baş vermiş insidentə münasibət bildirərkən Sputnik Azərbaycan-a deyib.
"Qonşu ölkələr varsa, biz onlarla qonşuluq ediriksə, zaman-zaman müəyyən problemlər ola bilər. Necə ki, məişətdə qonşularla zaman-zaman müəyyən problemlər olur. Ancaq məsələ ondadır ki, bu hadisələr "yerli dinamit"lərin təşəbbüsündən irəli gələn hadisələr deyil. Birdən-birə Keşikçidağ məsələsinin ictimai gündəmə gəlməsi, onun siyasiləşdirilməsi də elə-belə hadisə deyil", - deyə deputat bildirib.
Onun sözlərinə görə, əgər Keşikçidağ məsələsi ortaya atılıbsa, kimlərsə bu məsələnin konfliktə çevrilməsində maraqlıdırlar: "Məsələnin mahiyyəti bundan ibarətdir. Əgər Gürcüstan və Azərbaycan arasında bir konflikt yaranacaqsa, bu, mütləq hansısa üçüncü güc mərkəzinin maraqlarına xidmət etmiş olacaq. Bunu həm Gürcüstanda, həm də Azərbaycanda dərk edirlər. Ona görə də bu məsələdə hansısa əsgəri qətiyyətsizlikdə ittiham etmək, Gürcüstandakı təxribata uyan hansısa ayrı-ayrı şəxsləri müstəqil subyekt kimi təqdim etmək və yaxud onları ictimai fəal adlandırmaq doğru deyil. Çünki onlar sözün əsl mənasında üçüncü ölkələrin informasiya təxribatına uyan ayrı-ayrı fərdlərdir və Gürcüstanda da bunu bilirlər".
Deputat qeyd edib ki, Azərbaycanın tutduğu mövqe, Gürcüstan rəsmilərinin də tutduğu mövqe doğrudur: "Bu məsələ sadəcə delimitasiya prosesidir və başa çatdırılacaq. Bir qədər strateji və məntiqli düşünməkdə fayda var".
"Azərbaycanda və Gürcüstanda klassik media informasiya kontekstində hər iki dövlətin, xalqın maraqlarını nəzərə alaraq Keşikçidağ məsələsinə yanaşdı. Amma çox təəssüf ki, sosial şəbəkələrdə müxtəlif cəhdlər oldu, bəzi sosial şəbəkə iştirakçıları bilməyərəkdən bu prosesdə müəyyən qədər "fəallıq" göstərdilər. Bu da informasiya cəmiyyətinin xüsusiyyətindən irəli gələn bir məsələdir", - deyə millət vəkili əlavə edib.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov öz "Facebook" səhifəsində məsələyə münasibət bildirib.
Ə.Amaşov yazıb ki, Keşikçidağ məbədində gürcülərlə Azərbaycan sərhədçiləri arasında baş vermiş insident böyük narahatlıq doğurmaqdadır: "Əminəm ki, Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər. Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın. Ümumiyyətlə, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasında nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır".
O bildirib ki, həssas coğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir: "Xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edir.
"Mən məsələnin kökünü dərində görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır", - deyə deputat yazıb.
Ə.Amaşov deyib: "Mən əminəm ki, Azərbaycan və gürcü xalqları həmişə olduğu kimi yenə də müdriklik nümayiş etdirəcək, qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata imkan verməyəcəklər. Eyni zamanda, hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərin işıqlandırılmasına daha çox üstünlük vermələrini tövsiyə edərdim".
Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan ilə sərhəddə yerləşən Keşikçidağ məbəd-kompleksində baş verən hadisə ilə bağlı məlumat yayıb. Nazirlik yaşanan insidentin təəssüfedici olduğunu bildirib və bu cür hərəkətləri yolverilməz hesab edib.
Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma aparılır.
"Bu cür hadisələr Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir", - deyə nazirliyin məlumatında qeyd edilib.
Xarici İşlər Nazirliyi, eyni zamanda, ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb.
Bildirilib ki, vətəndaşların danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi əldə olunacaq uğurun mütləq şərtlərindən biridir.