Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 15 iyul — Sputnik. Gənc azərbaycanlı ifaçı İsgəndər Həsənzadə Vitebskdə "Slavyan bazarı" (Slavyanskiy bazar) incəsənət festivalı çərçivəsində keçirilən "Vitebsk-2019" XVII Beynəlxalq uşaq musiqi festivalında böyük ədalətsizliklə üzləşib. Bu barədə Sputnik Azərbaycan-a sənətdə ilk addımlarına atan ifaçının anası Səidə Həsənova məlumat verib.
İsgəndər eyni zamanda iki beynəlxalq musiqi festivalına - "Detskaya Novaya volna-2019" (Uşaq yeni dalğası-2019)" və "Vitebsk-2019"-a ərizə verib və hər ikisində iştirak edib. İsgəndərin anasının dediyinə görə, onlardan asılı olmayan səbələrdən oğlanın "Detskaya Novaya volna"-da iştiraka namizədliyini geri götürməli olublar. Lakin onlar "Slavyan bazarı"nda iştirak edə biliblər.
Gənc ifaçı Vitebskdə iki mahnı - Müslüm Maqomayevin məşhur "Vesenniy kray - Azerbaydjan" (Baharlı yurdum - Azərbaycan) kompozisiyasını və amerikalı müğənni Coş Qrobanın repertuarından "You Raise Me Up" hitini ifa edib. Müsabiqədə 21 ölkədən olan müğənnilər iştirak edib. Onların istedadını isə münsiflər heyətinin Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Latviya, İsveç, Rumıniya, Böyük Britaniya və Belarusdan olan üzvləri qiymətləndirib.
"İsgəndər müsabiqədə çox yaxşı çıxış etdi, amma təəssüf ki, münsiflər onun çıxışını qiymətləndirmədilər. Onlar maksimal balları yalnız öz ölkələrinin təmsilçilərinə verdilər. Belə başa düşdüm ki, onlar digər ölkələrdən olan müğənnilərdən sadəcə, kütləviliyin təmin olunması üçün istifadə etdilər. Münsiflər heyətində təmsilçisi olmayan namizədləri laureat hesab eləmədilər" - deyə Həsənova bildirib.
S.Həsənovanın dediyinə görə, müsabiqənin ilk günündəcə İsgəndər ədalətsizliklə üzləşib və bu hal finala qədər davam edib. İstedadına baxmayaraq, oğlanı heç festivalın qala konsertinə də çıxış etmək üçün çağırmayıblar. Onlar etirazlarını belə, ifadə edə bilməyiblər, çünki müraciət edəcəkləri kimsə də olmayıb.
"Heç kəs cavab vermədi ki, ilk qalib üçlüyün arasına düşməmək üçün bizim nəyimiz çatmırdı. Bizə təkcə onu dedilər ki, İsgəndərin yaxşı vokal göstəriciləri var, ona görə də məğlubiyyətə görə üzülməyə dəyməz. Biz belə vəziyyətlə heç vaxt üzləşməmişdik. İndiyədək çox sayda insan mənə zəng edir və yazır. Onlar festivalda baş verənlərlə bağlı narazılıqlarını ifadə edirlər. Mən münsiflər heyəti üzvlərinin belə açıq oynamasını heç bir müsabiqədə görməmişdim" - deyə Həsənova bildirib.
O, ümid edir ki, oğlu bir daha belə vəziyyətlə üzləşməyəcək. Çünki bütün bunlar uşaqların psixologiyasına pis təsir edir. Anasının sözlərinə görə, İsgəndər sözügedən festivalın laureatlarından fərqli olaraq, Latviyada keçiriləcək "Riqa simfoni-2019"a gənc ifaçıların beynəlxalq musiqi müsabiqəsinə, eləcə də London və İtaliyada keçiriləcək vokal müsabiqələrinə dəvət alıb.
Sputnik Azərbaycan bu məsələ ilə əlaqədar olaraq, "Vitebskdə Slavyan bazarı" festivalının mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər ki, tərkibinə peşəkar müğənnilərin, bəstəkarların və prodüserlərin daxil olduğu münsiflər heyəti hər bir müsabiqə iştirakçısına səs veriblər. Onların verdiyi səslərin sayı toplandıqdan sonra ən çox səs qazanan ifaçı qalib elan edilib. Onlar təəssüflə bildiriblər ki, münsiflər heyətinin üzvləri Azərbaycan təmsilçisini seçməyiblər.
"Qala-konsertdə iştiraka gəlincə, festivalın şərtlərinə görə, orada yalnız müsabiqənin qalibləri iştirak edə bilər. İsgəndər qalib gəlmədiyinə görə, onu qalaya çağıra bilməyiblər. Biz ailəsinin qırğınlığını, üzgünlüyünü başa düşürük, amma təəssüf ki, heç nəyi dəyişə bilmirik" - deyə festivalın mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, "Vitebskdə Slavyan bazarı" beynəlxalq incəsənət festivalı ayrı-ayrı ölkələri və qitələri Belarus Respublikasında birləşdirən böyük mədəni forumdur. Xalqların mənəvi birliyinə istiqamətlənmiş festivalın devizi "Sənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya"dır. Hər il bu festival çərçivəsində yeniyetmə və gənc ifaçılar arasında musiqi müsabiqəsi keçirilir.
İsgəndər Həsənzadə beş yaşından başlayaraq vokalla məşğul olur və Georgi Şaroyev adına 35 saylı Bakı uşaq musiqi məktəbində oxuyur. O, indiyədək 15 musiqi müsabiqəsində iştirak edib.