BAKI, 16 iyul — Sputnik. Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski bəyan edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla görüşü zamanı NATO-dan çıxmağa hazır olduğunu bildirib.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Jirinovski öz "Telegram" səhifəsində məlumat yayıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki dəfə görüşdüm. Şəxsən mənə Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu bildirib. Avropa İttifaqına üzv olmaq istəyirlər, ancaq onları qəbul etmirlər. NATO-ya üzvlüyə qəbul olundular. Çünki olduqları bölgə Rusiyaya qarşı əməliyyatlar üçün uyğundur", - deyə Jirinovski yazıb.
Jirinovski, Rusiya ilə Türkiyə arasında münasibətlərin gələcəkdə Belarus və Gürcüstanla olandan daha yaxşı bir vəziyyətə gələ biləcəyini bildirib.