“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamı məşhur azərbaycanlı geoloq alimin fəaliyyətinə, xalqımız qarşısındakı xidmətlərinə verilən yüksək qiymətdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova deyib.
Deputat xatırladıb ki, sərəncama əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib:
“Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək. Fərman Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalanan Sərəncam da bu mənada yüksək qiymətə layiqdir. Onun neft və qaz geologiyası sahəsində fundamental elmi axtarışlarının və zəngin tədqiqatlarının nəticələri bu gün də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. F.Salmanov Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına özünəməxsus töhfələr verib, xalqımızı və dövlətimizi daim yüksək səviyyədə təmsil edib”.
Sahibə Qafarovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz