BAKI, 16 iyul — Sputnik. Azərbaycanın xalq artisti Aygün Kazımova özünün "Toy Boy" (Oyuncaq kişi) mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Dizayner buraya BDSM-in layt versiyası adlandırıla biləcək psixoseksual subkultura elementləri əlavə edib.
Müğənninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, mahnının sözlərini Murad Quliyev düzüb-qoşub. Musiqinin müəllifi isə gürcü bəstəkar Kaxaberi Tsiskaridzedir.
Müğənninin təsviri Türkiyədə yaşayan dizayner Rüfət İsmayıl tərəfindən yaradılıb. Klipin rejissoru Rüfət Rəsulovdur.
Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.