BAKI, 14 iyul — Sputnik. Hindistanda uşaqları cinsi istimar edənlər ölümə məhkum edilə bilərlər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu həftə qüvvəyə minən qanun dəyişikliyinə görə, Hindistanda uşaqları cinsi istismara məruz qoyan şəxslər ən ağır cəzaya - ölümə məhkum ediləcəklər.
Daha əvvəl zorlama faktına görə ən yüksək cəzanın 20 il azadlıqdan məhrum etmə olduğu ölkədə ölüm cəzasının uşaqlara qarşı olan təcavüz hallarını azaldacağı gözlənilir.
Məlumata görə, qanuna edilən yeni dəyişikliyə görə, uşaqların istismarını əks etdirən görüntülərin yer aldığı internet saytları və bu saytlardakı görüntülərin paylaşılması da cinayət məsuliyyəti yaradır.
Beynəlxalq İtkin düşən və İstismar edilən uşaqlar Mərkəzinin məlumatına görə, dünyada internet vasitəsilə uşaqlara qarşı edilən cinsi istismar halları 5 il əvvəl 100 min olduğu halda keçən il 18 milyona qədər artıb.