BAKI, 13 iyul — Sputnik. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2019-cu ilin 6 ayı ərzində yerli vətəndaşların ən çox pul xərclədiyi məhsulların adlarını açıqlayıb.
Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi üçün 17 977,9 milyon manat, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üçün 139,7 milyon manat, əczaçılıq və tibbi mallar üçün 236,7 milyon manat təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının alışına sərf olunub. Xərclənən vəsaitin 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20,0 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 31,0 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz artmış, bazar və yarmarkalarda isə 5,3 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.