BAKI, 12 iyul — Sputnik. Çin Tayvana silah satan Amerika şirkətlərinə qarşı sanksiya tətbiq etmək niyyətində olduğunu bəyan edib.
Sputnik xəbər verir ki, bəyanat Çin Xarici İşlər nazirliyinin sözçüsü Genq Şuanq tərəfindən yayılıb: "ABŞ-ın Tayvana silah satışı beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normalarını pozur. Bu hərəkət "Vahid Çin" prinsipini və Çinlə ABŞ arasında imzalanmış üç birgə kommunikeni kobud şəkildə pozur, eləcə də Çinin suverenliyini və milli təhlükəsizliyini sarsıdır. Milli maraqlarımızı qorumaq üçün Çin Tayvana silah satışında iştirak edən ABŞ müəssisələrinə qarşı sanksiyalar tətbiq edəcək", - Genq Şuanq deyib.
Qeyd edək ki, cümə günü Çinin Xarici İşlər Naziri Vanq Yi məsələ ilə bağlı Vaşinqtonu xəbərdar edərək, onu "odla oynamamağa" çağırıb.
Macarıstana səfəri zamanı nazir vurğulayıb ki, heç bir xarici qüvvə Çinin separatçı regionu ilə yenidən birləşməsinə mane ola bilməz.
Keçən həftə ABŞ Dövlət Departamenti 2,2 milyard dollar dəyərində silahın Taybeyə satışına icazə verib. Satılacaq silahların sırasında "Stinger" daşınan zenit-raket komplekslərinin və "M1A2T Abrams" tanklarının olduğu bildirilir.
Pekin dərhal silah satışına dair razılaşmanı qınayıb və onun ləğvini tələb edib.
Qeyd edək ki, iyulun 11-i Tayvanın rəhbəri Tsai İnq-ven Nyu-Yorka səfər edərək Çinin qəzəbinə səbəb olub.
Çin Tayvanı separatçı bölgə sayır. İki tərəf arasında əlaqələr 1949-cu ildə pozulsa da, illər sonra onlar arasında iqtisadi və qeyri-rəsmi əlaqələr bərpa olunub. Vaşinqton "Vahid Çin" prinsipini tanısa da, Tayvanla qeyri-rəsmi əlaqələri saxlayır.