Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 iyul — Sputnik. Dövlət Əmlak Komitəsi "Bu Şəhərdə"nin senaristi Müşfiq Abbasovun ona saxta sənəd verilməsi iddiasına münasibət bildirib. Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Komitəsinin saxta sənəd verməsi mümkün deyil: "Dövlət Əmlak Komitəsi dövlət qurumudur. Bizim qurum mənzillərə saxta çıxarışların verilməsinin qarşısının alınması istiqamətində iş aparır. Yeni binalarda bir mənzilin iki və bir neçə adama satılmasının qarşısını alan elektron sistem istifadəyə verib. Komitənin saxta sənəd verməsi qətiyyən mümkün deyil. Bu məsələ mütləq araşdırılacaq. Müşfiq Abbasovun Komitəyə qarşı səsləndirdiyi ittiham çox ciddi ittihamdır".
Qeyd edək ki, "Yeni Sabah"a açıqlamasında "Bu Şəhərdə"nin senaristi Müşfiq Abbasov məhkəmənin ona məxsus mənzili əlindən aldığını söyləyib. O, bildirib ki, 2013-cü ildə Həsənova Gülruxdan ev alıb. 5 saylı notariusla alqı-satqı olub və Əmlak Komitəsi onun adına çıxarış verib: "2016-cı ildə, düz 3 il keçəndən sonra Həsənova Mehriban - ev aldığı xanımın xalası sən demə müəyyən edib ki, bu evi onun əri alıbmış. Onun əri öləndən sonra Mehriban Həsənova öz bacısı qızını Gülrux Həsənovanı ərinin ona aldığı evi geri qaytarması tələbi ilə məhkəməyə verib. Bacısı qızı isə məhkəmədə deyir ki, evi artıq satmışam. O, məhkəməni qazanandan sonra Həsənova Mehriban gəlib mənə deyir ki, sənə satılan ev mənim idi, o ev sənə saxta sənədlə satılıb. Evi qaytar. Mən isə dedim ki, "Əgər saxta sənədlə satılıbsa, Dövlət Əmlak Komitəsi mənə necə sənəd verib?". Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib? Notarius da həmin saxta sənədi təsdiqləyib alqı-satqıda? Onda belə çıxır ki, hal-hazırda sizin də yaşadığınız ev bir neçə il sonra məhkəməyə verilib saxta sənədlə alındığı "isbat" edib əlinizdən alına bilər. Əmlak Komitəsi saxta sənəd verir. Belə çıxır ki, hamı kirayədə yaşasın, Azərbaycanda heç kim mülk almasın? Baxmayaq ki, Prezident dəfələrlə fərmanlar, sərəncamlar imzalayır ki, alqı-satqı bazarında canlanma olsun, insanlar bilsinlər ki, zəmanət var dövlət tərəfindən. Mən Yasamal məhkəməsində qalib oldum, Yasamal məhkəməsi ədalətli qərar çıxardı. Lakin, Apellyasiya məhkəməsi dedi ki, Yasamal məhkəməsi səhv edib, dövlətin sənə verdiyi çıxarış, notariusun təsdiqlədiyi alqı-satqı hamısı saxtadır. Evi qaytar, qal evsiz. Hər ehtimala qarşı hər kəsi xəbərdar edirəm ki, nə qədər insanların evini əllərindən almayıblar, hamı evini satsın. Ərəblərə satın, kirayədə yaşayın, yoxsa əlinizdən alacaqlar" - deyə Müşfiq Abbasov bildirib.