BAKI, 11 iyul — Sputnik. "Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər ehtiyatlı olmalıdırlar".
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.
O, Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlərə müraciət edib: “Vulkan püskürən zaman gurultulu səs eşidilir. Püskürmə prosesi başlamazdan əvvəl isə yerin alt qatında hərəkətlərin olduğu hiss edilir.
Şöbə müdiri xatırladıb ki, bu ilin sonunadək Abşeron rayonunda Bozdağ-Qobu, Xəzər dənizinin Ələt qəsəbəsindəki sahilində Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyi ehtimalı olunur: “Hazırda Azərbaycanda vulkan zonalarında vəziyyət stabildir. Amma təbii ki, bu ilin sonunadək üç vulkanın aktivləşməsi gözlənilir. Bu, proqnoz deyil. Biz dəfələrlə püskürməsi gözlənilən vulkan zonalarında olmuşuq. Həmin vulkanlardan ikisinin – Bahar və Şıxhazırlı vulkanlarının yaxınlığında məskunlaşma olmasa da, Bozdağ-Qobu vulkanının ətrafında yüzlərlə insan yaşayır”.