BAKI, 11 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsinin hazırkı versiyasına veto qoya bilər.
Sputnik Azərbaycan Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin bəyanatına istinadən xəbər verir ki, buna səbəb qanun layihəsinin Tramp administrasiyasının tələblərinə cavab verməməsi göstərilir.
"Qanun layihəsində milli müdafiə üçün ayrılması nəzərdə tutulan təxsisatın dəyəri 733 milyard dollardır. Bu, 2020-ci maliyyə ili üçün (administrasiya tərəfindən – red.) tələb olunan rəqəmdən 17 milyard dollar azdır və həyati əhəmiyyətli milli təhlükəsizlik prioritetlərinə kifayət qədər uyğun deyil" - bəyanatda deyilir.
Qeyd edilir ki, qanun layihəsi hazırkı formasında prezidentə təqdim olunsa, onun müşavirləri sənədə veto qoyulmasını məsləhət görəcəklər.
Tramp administrasiyası qanun layihəsinin digər müddəaları ilə də razı deyil – onların milli müdafiə strategiyasının və nüvə siyasətinə nəzarətin həyata keçirilməsinə çətinliklər yaradacağı iddia olunur.
Bundan başqa, Ağ Evin fikrincə, büdcənin hazırkı versiyası sərhədlərin mühafizəsinə maneə törədəcək.
"Hill" nəşri yazır ki, sözügedən qanun layihəsinə bu həftə nümayəndələr palatasında baxılacaq.