BAKI, 10 iyul — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun bu ölkəyə səfər etdiyi gün Yerevanda aksiya keçiriblər.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Koçaryanın tərəfdarları Donald Tusk və Nikol Paşinyanın mətbuat konfransı keçirdikləri hökumət binasına yaxınlaşmağa cəhd ediblər. Lakin polis etirazçıların qarşısını alıb. Respublika və Şimal prospektlərinə gedən yollar polis tərəfindən mühasirəyə alınıb.
"Polis bildirir ki, təhlükəsizlik tədbirləri ilə bağlı etirazçıları əraziyə buraxmır. Lakin bizim dinc məqsədimiz var. Biz öz sözümüzü avropalı məmurlara çatdırmaq istəyirik. Hakimiyyət Ermənistanı demokratiyanın qalası elan edib, lakin demokratik ölkələrdə polis vətəndaşların hərəkətini məhdudlaşdırmır", - deyə aksiya iştirakçılarından biri bildirib.
Onun sözlərinə görə, etirazçılar avropalılara dövlət səviyyəsində deyilənlərin həqiqəti əks etdirmədiyini demək istəyirlər.