BAKI, 10 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyi 8 nəfərin ölümünə səbəb olan hadisəni törədən sürücüyə fərqlənmə nişanı verilməsi məsələsinə aydınlıq gətirib.
Sputnik Azərbaycan-a qurumdan verilən məlumatda bildirilir ki, Masallı rayonunda çoxsaylı insan itkisinə səbəb olan ağır yol nəqliyyat hadisəsi törədən sürücü Mustafayev Nizami Malik oğlunun taksi fəaliyyəti göstərməsi üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alması ilə bağlı məlumatlar yayılıb: "Yayılan məlumatların sosial şəbəkələrdə yanlış müzakirələrə səbəb olmaması və məsələyə düzgün şərh verilməsinin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, "Mercedes Benz Vito 115" markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı"nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub. Nizami Mustafayev Agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə "Fərqlənmə nişanı"nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə "fərqlənmə nişanı" alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədlər nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək, Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində "Mercedes Benz Vito 115" markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı" verilib. Qeyd olunanı nəzərə alaraq bir daha bildiririk ki, vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı "Fərqlənmə nişanı" ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa icazə verir.
Qeyd edək ki, dəhşətli qəzanı törədən sürücünün əvvəlcə qanunsuz sərnişindaşıma ilə məşğul olduğu bildirilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, həmin şəxsin taksi fəaliyyəti göstərməsi üçün BNA tərəfindən fərqlənmə nişanı verilib.