BAKI, 10 iyul — Sputnik. Kinosevərlərin "Qara geyimli adamlar" (Men in Black) və "Qara geyimli adamlar 2" (Men in Black II) filmlərindən tanıdığı amerikalı aktyor Rip Torn 88 yaşında vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor Leykvil şəhərində yerləşən evində dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmır.
60 illik karyerası ərzində Rip Torn onlarla film və serialda rol alıb.
Aktyor "Kross-Krik" (Cross Creek) filmində ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatına nominasiya edilib. 1996-cı ildə isə "Larri Sandersin Şousu" (The Larry Sanders Show) serialındakı roluna görə aktyora "Emmi" mükafatı verilib.
Torn 1997-ci ilin məşhur filmi “Qara geyimli adamlar” və onun sikveli “Qara geyimli adamlar 2” filmlərində agent Zed rolunu oynayıb. Bu filmlərdə məşhur aktyorlar Uil Smit və Tommi Li Cons onun tərəf-müqabilləri olublar.