BAKI, 10 iyul — Sputnik. "Tanıdığınız həmin "Deutsche Bank" artıq mövcud deyil". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri alman bankının baş icraçı direktoru Kristian Syuinq (Christian Sewing) deyib.
Almaniyanın əsas bankı səhm alverini dayandırıb və bir çox investisiya əməliyyatlarından imtina edir. Bundan başqa, "Deutsche Bank" işçi heyətini ixtisar edərək əməkdaşlarının sayını 92 mindən 74 minə çatdıracaq.
Bildirilir ki, bütün bunlar mənfəət əldə etməyə yönəlmiş genişmiqyaslı yenidənqurma planının bir hissəsidir.
Köklü dəyişiklik
"Deutsche Bank"da genişmiqyaslı ixtisarların aparılacağına dair məlumat iyun ayının sonlarında ortaya çıxıb. "The Wall Street Journal" nəşri xəbər verib ki, bankın təxminən 15-20 min əməkdaşı ixtisara düşəcək. Bu məlumat ötən bazar günü təsdiqlənib: bankın start verdiyi yenidənqurma tədbirləri çərçivəsində 18 min əməkdaş 2022-ci ilədək iş yerlərini tərk etməli olacaq.
Planlara həmçinin investisiya bölməsinin ixtisar olunması və bankın Asiyadakı biznes əməliyyatlarının dayandırılması daxildir. Bank artıq səhm və istiqraz alveri ilə də məşğul olmayacaq.
Yenidənqurma planı bankın əsas "dərdi" olan az mədaxil qarşılığında böyük xərc problemini həll etməyə yönəlib. 2022-ci ilə kimi xərclərin hər il altı milyard dollar səviyyəsində azaldılması nəzərdə tutulub.
"Deutsche Bank" rəsmi açıqlamasında biznes modelini köklü şəkildə transformasiya edərək daha mənfəətli olmağa, səhmdarların gəlirlərini yüksəltməyə və uzunmüddətli artımı stimullaşdırmağa çalışacağını deyib.
Çətin günlər
Yeri gəlmişkən, "Deutsche Bank"ın nəzarət şurasının sədri Paul Axlaytner (Paul Achleitner) bildirib ki, bank "çətin günlər"lə üzləşib.
Problemlər qlobal maliyyə böhranından sonra ortaya çıxıb: həmin vaxt bankın balansında 12 milyard avro dəyərində "boşluq" yaranıb. "Deutsche Bank"ın o zamankı rəhbəri Yozef Akkerman (Josef Ackermann) isə hesabatları təhrif edərək səhmdarları kifayət qədər vəsaitin olduğuna inandıra bilib.
Bundan sonra bankın bir neçə fırıldaqçılıq, sui-istifadə və pulların yuyulması faktlarında iştirakı ortaya çıxıb. Hətta bir fırıldaqçılıq faktına görə "Deutsche Bank"a 2,5 milyard dollarlıq cərimə kəsilib. Bütün bu qanun pozuntularına görə artan cərimələr, məhkəmə xərcləri, o cümlədən, bankın itkiləri getdikcə böyük bir maliyyə probleminə çevrilib.
2016-cı ildə dərc etdiyi hesabatında alman bankı təxminən 7 milyard avro dəyərində itki ilə üzləşdiyini bildirib. Keçən il isə bank səhm alverində 750 milyon dollar itirib.
Dünya iqtisadiyyatına təhlükə
Qeyd edək ki, 2018-ci ildə Beynəlxalq Valyuta Fondu "Deutsche Bank"ı dünyanın əhəmiyyətli bankları sırasında "ən böyük risk mənbəyi" adlandırıb. Belə ki, Almaniyanın bank sektoru qlobal iqtisadiyyatda aparıcı rol oynayır və "Deutsche Bank"da baş verəcək hər hansı bir böhran dünya üzrə ümumi iflasa səbəb ola bilər.
İqtisadçıların fikrincə, banka təhlükə yaradan əsas amil onun nəhəng törəmə qiymətli kağızlar portfelidir. Onun dəyəri 46 trilyon avro - yəni Almaniyanın ÜDM-dən 14 dəfə çoxdur.
Lakin bir sıra analitiklər hesab edir ki, "Deusche Bank" yeni qlobal böhrana səbəb olmayacaq: bank gec də olsa vəziyyətini yaxşılaşdıracaq.
Eyni zamanda, sərmayədarlar xəbərdarlıq edirlər ki, bankın start verdiyi yenidənqurma planı uğurla həyata keçməsə, onun problemləri daha da kəskinləşəcək.