CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Şəki Xan sarayı dünyada Ermitaj səviyyəsində tanınacaq”

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir
Şəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək Şəkidə belə bir tarixi abidənin olduğundan xəbərsiz olanlar da, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduqdan sonra bu abidə barədə məlumat əldə edə biləcəklər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. "Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması xarici turistlərin Azərbaycanın şimal-qərbinə axınına səbəb olacaq. Bu qeyri-maddi mədəni irsimizin qorunması ilə yanaşı, Şəki Xan sarayının dünyanın ünlü tarixi abidələri, muzeyləri kimi məşhurlaşmasına gətirib çıxaracaq".

Şəki Xan sarayı - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Şəki UNESCO-nun siyahısında: Bu, ölkəyə nə vəd edir?!

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov söyləyib. M.Ağakərimov deyib ki, bu gün azərbaycanlılar, eləcə də başqa ölkələrdəki turistlər necə dünyanın 7 incisindən biri olan Ermitaj muzeyi barədə məlumat alırlarsa, Şəki Xan sarayı barədə də eyni dərəcədə məlumat əldə edə biləcəklər: "Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının bir sıra üstünlükləri var. Ən böyük üstünlüklərdən biri də, bu siyahıya adı düşən qeyri-maddi mədəni irsin dünyada populyarlaşması məsələsidir. UNESCO-nun İrs siyahısına düşən abidələr qorunmaqla yanaşı, həmin tarixi abidənin dünyada məşhurlaşmasına gətirib çıxarır. İndiyədək Şəkidə belə bir tarixi abidənin olduğundan xəbərsiz olanlar da, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduqdan sonra bu abidə barədə məlumat əldə edə biləcəklər. Bu isə Azərbaycanın şimal-qərb hissəsinə dünyanın müxtəlif ölkələrindən turist axınına səbəb olacaq. Biz və dünyanın müxtəlif ölkələrindən turistlər necə Ermitaj muzeyini gedib görməyə can atırıqsa, Şəki Xan sarayına da elə maraq yaranacaq".

M.Ağakərimov deyir ki, Şəki Xan sarayının şəhərin tarixi hissəsi ilə yanaşı UNESCO-nun İrs Siyahısına salınması bu bölgədə turizm infrastrukturunun daha da təkmilləşdirilməsini vacib edir: "İndiyədək də Şəkiyə çoxlu sayda turist gəlirdi. Amma UNESCO-nun İrs Siyahısına salındıqdan sonra Şəkiyə turist axını nəzərəçarpacaq dərəcədə artacaq. Ona görə də, Şəkidə otel və hostellərin sayı ciddi şəkildə artırılmalıdır. Çünki, bu qərar Şəkinin imicini dünya miqyasında əhəmiyyətli dərəcədə yüksəldəcək. Eyni zamanda, bu bölgədə digər turizm məkanlarına da maraq yaradacaq. Ona görə də ümumi şimal-qərb bölgəsi üzrə turizm məlumat bazası yaradılmalı, turistlərə Şəkinin ətraf rayonlarındakı mədəni tarixi abidələri, turizm məkanları barədə də məlumat verilməlidir. Düşünürəm ki, Şəki şəhərinin tarixi ərazisi ilə birgə Xan sarayının UNESCO-nun İrs Siyahısına salınması bu bölgədə turizmin inkişafında canlanmaya səbəb olacaq".

M.Ağakərimov həmçinin qeyd edib ki, Şəkidə turizm bələdçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində də iş aparılmalıdır. 

Xəbər lenti
0