Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 7 iyul — Sputnik. "Azərbaycanda quru xurmanın istehsalı və ixracı üçün potensial var və hətta bu sahədə ciddi üstünlük qazanmaq olar".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli ölkəmizin quru xurma üzrə ixracından danışarkən Sputnik Azərbaycan-a deyib.
Onun sözlərinə görə, bu tipli məhsulların əsas alıcısı Avropadır: "Avropa İttifaqı ölkələrində yeyinti məhsullarını satmaq o qədər də asan məsələ deyil. Çoxlu sayda uyğunluq və gigiyenik sertifikatlar tələb olunur. Ona görə də Azərbaycan, ən azı, Avropa standartlarına uyğun məhsul istehsal etməyə çalışmalıdır ki, bazarda onun satışına əngəl yaranmasın".
"Bu sahədə ciddi nailiyyətlər əldə etmək, ixracat potensialını da artırmaq olar. Yeganə şərt Avropa standartlarına uyğun sertifikatlaşmanın həyata keçirilməsinə nail olmaqdır. Bu şərtlər daxilində quru xurmanın ixracatını artırmaq olar, eyni zamanda Azərbaycanda quru xurmanın istehsalını genişləndirmək mümkündür", - deyə ekspert əlavə edib.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli də Sputnik Azərbaycan-a deyib ki, gələcəyin trend məhsullarından biri xurmadır və dünya bazarında onun mövqeyi getdikcə güclənir:
"Dünya təcrübəsində xurmadan çox qiymətli məhsullar alınır. Xurmanın qurusu, bəhməzi çox qiymətlidir. Bunlardan əczaçılıqda istifadə olunur. Ötən il Azərbaycan ixracında xurma üçüncü yeri tutub və ölkəyə təxminən 100 milyon manata yaxın valyuta gətirib. Cari ildə də xurma ixracının təxminən o qədər valyuta gətirməsi gözlənilir. Düşünürəm ki, ildən-ilə xurma meyvəsi ixrac strukturunda mövqeyini daha da gücləndirəcək".
Ekspert bildirib ki, xurma meyvəsi Azərbaycanda bütün torpaq-iqlim qurşağında yetişir, ölkəmizdə yeni xurma bağları salınır: "Xaricdən ölkəmizə xurmanın intensiv sortları gətirilir ki, tez yetişsin. Xurma istehsalına da maraq böyükdür. Amma çox yaxşı olar ki, xurmanın emalını qura bilək. Xurmanın emal sənayesi olmadan ondan böyük gəlir əldə etmək mümkün deyil. Çin və Türkiyədə xurmanın emal sənayesi geniş inkişaf edib. Hökmən xurma qurudulmalı və ondan məhsullar alınmalıdır. Məsələn, xurma doşabı çox qiymətlidir. Sahibkarlarımız emal sənayesinə böyük vəsait qoymalıdırlar".
Qeyd edək ki, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov "Report"a deyib ki, 2019-2020-ci illərdə Almaniyaya təqribən 2 milyon dollar məbləğində quru xurma ixrac edə bilərik: "Almaniya xurma alıcısı olaraq dünyada Rusiyadan sonra ikinci sırada qərarlaşıb. Hazırda Azərbaycan emal edilmiş quru xurmanı Rusiyaya, Avropa İttifaqı ölkələrinə, həmçinin Baltikyanı ölkələrə ixrac edir. Quru xurmanın ixracında ötən illə müqayisədə 30%-lik artım müşahidə edilib. Ötən il təxminən 400-500 min dollar məbləğində quru xurma ixrac etmişik".
Xatırladaq ki, Balakən və Göyçayda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb.