Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
Bakı, 7 iyul - Sputnik. "Biz çox şadıq ki, Qədim Pskovun abidələri UNESCO-nun Mədəni İrs Nümunələri siyahısına daxil edilib. Sevindirici haldır ki, bu nominasiyanın təqdimatı həm UNESCO-nun Baş Katibliyi, həm bu quruma üzv ölkələr tərəfindən isti qarşılanıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın UNESCO-dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bildirib.
"Həqiqətən, Pskov şəhəri buna layiq idi. Əslində, bu şəhər çoxdan UNESCO-nun Mədəni İrs siyahısında olmalı idi. Lakin müxtəlif səbəblərdən bu proses uzandı. Lakin biz şadıq ki, bu artıq bu gün baş tutdu. Bu nominasiya bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çünki öz tarixi, öz zəngin irsi ilə Pskov Rusiya sivilizasiyasının, mədəniyyətinin beşiyi hesab oluna biləcək şəhərlər siyahısındadır. Şəhər həmçinin Avropa mədəniyyətinin bir parçasıdır. Bizim Azərbaycan nümayəndə heyəti də daxil olmaqla nümayəndə heyətləri tərəfindən ünvanımıza səslənən mehriban, isti sözlərə şadıq", - deyə Kuznetsov vurğulayıb.
İyulun 7-da Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının plenar iclası zamanı Rusiyanın "Qədim Pskovun abidələri" nominasiyası müzakirə olunub. Müzakirələrdən sonra "Qədim Pskovun Abidələri" nominasiyası UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.