İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 7 iyul — Sputnik. Mingəçevir şəhərində fəaliyyət göstərən bir muzey var ki, onun eksponatları nə arxeoloji qazıntılar nəticəsində aşkarlanıb, nə də hansısa məşhurun adını əbədiləşdirmək üçün yaradılıb. Mingəçevir Şəhidlər Xiyabanının ərazisində yerləşən bu tikilidə Vətən uğrunda şəhid olan 328 Mingəçevir şəhidinin xatirəsi qorunur. Orada şəhidlərin büstləri, şəkilləri, şəxsi əşyaları daxil olmaqla 1809 eksponat saxlanılır.
Muzeyin işçisi Mehmanə Səlimova Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində buranın 1995-ci ildən fəaliyyətə başladığını, Azərbaycanda ilk və regionlarda tək Şəhidlər muzeyi olduğunu bildirir. O, burada yerləşən əşyaların əksəriyyətinin şəhid ailələri tərəfindən verildiyini deyir. Bir hissəsini isə muzey işçiləri vətən uğrunda can verən igidlərimizin evlərinə gedərək alıblar:
"Ailələri ilə əlaqə yaradırıq və şəhidə aid hər hansı bir əşyanı muzeyə bağışlamalarını xahiş edirik. Elə ailələr var ki, şəhidin çox az əşyası qalıb və onu vermək istəmirlər. Şəhid analarından ən çox eşitdiyimiz: "Nə qədər ki sağam, yanımda qalsın, nə vaxt mən də ölərəm, gətirib verərlər muzeyə" sözləri olur".
M.Səlimova deyir ki, muzeydə 6 Milli qəhrəmanın büstü, 7 Azərbaycan Bayrağı ordenli şəhidin portreti və 328 şəhidin şəxsi əşyası saxlanılır. O, muzeyin ən maraqlı hissəsinin şəhidlərin şəxsi əşyalarının yerləşdiyi guşə olduğunu bildirir.
"Burada hər şəhidin həyatından bir parça saxlanılır. Onların arasında idmançılar, musiqiçilər, polis işçiləri vardı. Vaxtilə gənclərin ifa etdikləri musiqi alətləri, fəxr etdikləri idmanda fərqlənmə diplomları, medalları indi şəhidlərimizdən bir xatirədir. Elə əşyalar da var ki, onlar sahibləri şəhid olan vaxt üzərindən çıxıb: kibrit qutusu, alışqan, təsbeh..." - Mehmanə xanım eksponatları göstərir.
Mehmanə Səlimova Mingəçevir şəhərində fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyinə böyük maraq olduğunu bildirir. Onun sözlərinə görə, şəhərə gələn turistlər, yerli sakinlər özləri, ən çox da tələbə və məktəblilər buranı tez-tez ziyarət edirlər.