Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 iyul — Sputnik. “Azərbaycanda bu ilin son üç ayında 41 nəfəri ilan sancıb”. Bu barədə Sputnik Azərbaycan-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.
A.Maqsudov bildirib ki, Mərkəzə gətirilənlərdən 12-nin vəziyyəti ağır olub. A.Maqsudov ilanvurmaların əsasən Aran bölgələrində qeydə alındığını söyləyib. Onun sözlərinə görə, ilanvurma hadisələri daha çox Şirvan, Hacıqabul, Bərdə, Yevlax və Kürdəmir rayonları ərazisində qeydə alınıb.
Şöbə müdiri deyib ki, ilan vuranlardan 4-ü uşaq olub. A.Maqsudov ilan vuranların çoxuna rayonlarda tibbi yardım edildiyini söyləyib. Onun sözlərinə görə, bəzən avadanlıq olmadıqda xəstələrə yardım üçün Mərkəzdən həkim göndərilir. Xəstədə ağırlaşma qeydə alındıqda isə Mərkəzə gətirilir.
A.Maqsudov rayonlarda tibb müəssisələrinə lazımi qədər zərdab paylanıldığını da söyləyib.