Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 7 iyul — Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ədavətin qanla bitməsinin qarşısını alıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in 102 xidməti - zəng mərkəzinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş, cinayətkar aləmlə əlaqəli olan və "Məşədi Elçin" kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında uzun müddətdir ədavətləri olan Ş.Mahmudova yumruq və bıçaqla xəsarət yetiriblər. Cəlilabad RPŞ-nin əməkdaşları E.Muradov və oğlu N.Muradlını saxlayıblar.
Bundan əlavə, şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.