BAKI, 6 iyul — Sputnik. Paytaxtda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi məqsədilə satış-yarmarkalarının təşkili üçün rayonlarda müvafiq yerlər ayrılıb. Müasir standartlara uyğun və qapalı formada təşkil olunan satış-yarmarkalarında istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb.
Buna baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarında fəaliyyət göstərən bəzi satıcılar müəyyən olunan yerlərdən və qaydalardan kənara çıxaraq, piyada səkilərində, avtomobil yollarında qanunsuz küçə ticarətinin aparılmasına çalışırlar. Qida məhsullarının dövriyyəsi zamanı insanların təhlükəsizliyinə olan gigiyenik tələblərə əməl olunmur. Nəticədə, paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.
İdarə rəsmisi bildirib: "Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər".
Polis satıcıların müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmir, müəyyən olunan normalara əməl etməyə çağırır.