BAKI, 6 iyul — Sputnik. Amazon şirkətinin əsasını qoyan Ceff Bezos həyat yoldaşı Makkenzi ilə rəsmən ayrılıb.
Sputnik Azərbaycan Bloomberg-ə istinad xəbər verir ki, boşanma haqqında sənəd həftənin cümə günü Vaşinqton məhkəməsində imzalanıb. Bezos bunun müqabilində həyat yoldaşına Amazon şirkətinə məxsus 19.7 milyon aksiya verəcək. Şirkətin 4 faizini təşkil edən qiymətli kağızın məbləği isə nə az nə çox, düz 38.3 milyard dollardır.
Makkenzi əldə edəcəyi külli miqdarda vəsaitə görə dünyanın 22-ci varlı adamına çevriləcək.
Qeyd edək ki, Ceff Bezos boşanma qərarını hələ 2019-cu ilin yanvar ayında verib. Bezosun bu addımına səbəb olaraq keçmiş teleaparıcı Loren Sançeslə yaşadığı sevgi macərası göstərilir. Qanuna əsasən, boşanma zamanı mülk və ailəli olduğu müddətdə gələn gəlir də iki hissəyə bölünməlidir. Hər iki tərəf aprel ayında razılığa gəlsələr də, onlar arasında nikah müqaviləsinin olub-olmaması qeyri-müəyyən olaraq qalır.