BAKI, 6 iyul — Sputnik. Avropa İttifaqı Şurasının sədri Donald Tusk iyulun 9-u Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə diplomatik mənbə bildirib.
"Bakıya səfəri zamanı Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. O, həmçinin Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək" – deyə agentlik bildirib.
Məlumata əsasən, görüş zamanı tərəflər ikitərəfli, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Onlar eyni zamanda 2008-ci ildən Azərbaycanın iştirak etdiyi "Şərq Tərəfdaşlığı" proqramı ətrafında da fikir mübadiləsi aparacaq.