BAKI, 6 iyul — Sputnik. ABŞ-ın Los-Anceles şəhərindən 193 kilometr şimalda Rixter cədvəli üzrə 7,1 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat yerləşdirilib.
Yeraltı təkanlar iyulun 5-i yerli vaxtla 20:19-da (Bakı vaxtı ilə 6 iyul 07:19) 10 kilometr dərinlikdə baş verib. Zəlzələ episentrinə ən yaxın qəsəbə Sirls Belli olub.
"Associated Press" nəşri isə yazır ki, təbii fəlakət nəticəsində bina, yollar dağılıb. Yaralılar var.
Bu zəlzələdən əvvəl 6,4 bal gücündə də zəlzələ baş verib. Bu zəlzələ son 25 ildə ən güclü zəlzələ olub. Güclü zəlzələdən sonra 4,7, 3,5, 3,8 və 4,2 bal gücündə də nisbətən zəif zəlzələ baş verib.
Qeyd edək ki, Los-Ancelesin yerləşdiyi Kaliforniya ştatı dünyanın ən seysmik aktiv zonalarından biri sayılır. Alimlərin iddiasına görə, bu ərazidə nə zamansa çox güclü – dağıdıcı zəlzələ olacaq.