BAKI, 5 iyul — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Sputnik Ermənistan xəbər verir ki, onlar ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Avrasiya İqtisadi Birliyi Şurasının iclasının gündəliyini müzakirə ediblər.
"Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə də danışdım", - deyə Paşinyan öz "Facebook" səhifəsində bildirib.
Ermənistan Baş naziri məlumat verib ki, son günlər Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin rəhbərləri ilə telefonla danışaraq AİB-in Şurasının iclasının gündəliyini, həmçinin oktyabrın 1-i Yerevanda keçiriləcək AİB Ali Şurasının iclasını müzakirə edib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlər də müzakirə olunub.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti 4-6 iyul tarixlərində Vyetnamda səfərdədir.