Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 iyul — Sputnik. "Azərbaycanda surroqat ana olmaq üçün klinikalara müraciət edənlər çox olsa da, bu məsələ "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsindən çıxardılıb. Buna səbəb surroqat ana məsələsinin genetik baxımdan gələcəkdə problemlərə yol açması və mentalitetimizə zidd olmasıdır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva söyləyib. O bildirib ki, Azərbaycanda sonsuzluq probleminin qarşısının alınması üçün süni mayalanma həyata keçirilir: "Artıq qadınlarımız ana olmaq üçün süni mayalanma etdirmək məqsədilə xarici ölkələrə üz tutmurlar. Bu gün Azərbaycanda süni mayalanmanı həyata keçirən kifayət qədər klinika var. Amma surroqat ana məsələsinə "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsində birdəfəlik son qoyulub".
K. Əliyeva bildirib ki, illərdir ki, müzakirəsi yubanan qanun layihəsinin qəbulu bu ilin payız sessiyasında, yəqin ki, qəbul olunacaq:
"Artıq qanun layihəsi, demək olar ki, tam hazırdır. 5-ci çağırış parlament seçkiləri öz işini bu il başa vurduğundan, qanun bu payız sessiyasında, çox güman ki, yenidən müzakirəyə çıxardılaraq qəbul olunacaq".
Qeyd edək ki, Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılova Modern.az-a açıqlamasında hər klinikaya ayda 10-dan çox qadının surroqat ana olmaq üçün müraciət etdiyini söyləyib. O, belə müraciətlərin çox olduğunu vurğulayıb.