İrana qarşı sanksiyalar heç bir nəticə verməsə də, regionda sabitliyi pozur. Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak ABŞ-ın CNBC telekanalına müsahibəsində deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ sanksiyalarının İrana təsiri uzunmüddətli xarakter daşıyır:
“Hazırda sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir. Sanksiyalar İran sənayesinə təsir göstərəcək. Xüsusən də, İranın xarici investisiyalarla qurulmuş müəssisələri ABŞ sanksiyalarından payını alacaq. Belə müəssisələrin fəaliyyətləri məhdudlaşdırılacaq. İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır. Paralel olaraq dünya neft bazarının daralması da İran üçün yaxşı heç nə vəd etmir. Ancaq onu da deməliyik ki, İran iqtisadiyyatı uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyi üçün vəziyyətə alışıb”.
Qeyd edək ki, ABŞ ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz