BAKI, 3 iyul — Sputnik. Xalq artisti Ramiz Novruzun nəvəsi Ayan Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramına çıxıb.
Sputnik Azərbaycan məlumat verir ki, vizajist kimi tanınan Ayan proqrama kömək üçün müraciət edən Naidəyə görə gəldiyini söyləyib. Köməyə ehtiyacı olan Naidə Lerik rayon sakinidir. Fiziki məhdudiyyəti olan qız 17 yaşında anasını itirib. Çox çətin vəziyyətdə yaşayan Naidənin evə ehtiyacı var.
Aktyorun nəvəsi Ayan, evsiz olan Naidəyə 500 manat maddi yardım edib. Ayan bildirib ki, qıza ev tikilməsi üçün ətrafındakı insanlardan da yardım yığacaq. O, proqramın aparıcısı Xoşəqədəm Hidayətqızına böyük gül çələngi gətirib. Aparıcı isə öz növbəsində "Kaş ki, güllərə verdiyin pulu da Naidənin hesabına köçürəydin" deyə bildirib.
Qeyd edək ki, Ayan aktyorun vizajist qızı Şəfəqin övladıdır.