“Bakı sessiyası UNESCO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bizim üzərimizə böyük məsuliyyət qoyur. İyunun 30-da bizim bir sıra məhsuldar görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə UNESCO-nun rəhbərliyi arasında görüş keçirildi. Həmçinin çox möhtəşəm açılış mərasimində iştirak etdik”. Spunik Azəraycan xəbər verir ki, bu sözləri iyulun 1-də jurnalistlər üçün mətbuat konfransında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, sessiya iyulun 10-dək işini davam etdirəcək. Təxminən 2500 iştirakçı qeydiyyatdan keçib: “Ümumilikdə 150-dən artıq dövlətin nümayəndəsi bu sessiyada iştirak edir. Sessiyanın davam edəcəyi günlərdə mədəni proqramlar da nəzərdə tutulur. Təqdim olunan nominasiyaların sırasında Şəki şəhərinin tarixi yerləri də var. Bu tarixi məkanların UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müəyyən şərtlər var. Təbii ki, bu şərtlər komitədə müzakirə ediləcək”.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler Bakıda Konqres Mərkəzində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Bakı Bəyannaməsinin qəbul ediləcəyinin gözləndiyni deyib.
Əbülfəs Qarayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz