Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. Ötən gün hüquq-mühafizə orqanları tərəfindən yaş yarımlıq körpə mağazada atılmış vəziyyətdə aşkarlanıb. Hazırda sığınacaq olaraq "Azərbaycan Uşaqlar Birliyi"də saxlanılan azyaşlı ilə bağlı birliyin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a məlumat verib. O bildirib ki, azyaşlı Nizami rayonu 24-cü polis bölməsi tərəfindən aşkarlanıb: "Yaş yarımlıq körpə Nizami rayonu ərazisində yerləşən mağazaların birində atılıb. Ana uşağı ora qoyaraq deyib ki, indi gəlib aparacağam. Amma ana elə o gedən gedib, gəlməyib".
"Ana ötən gün axşam saatlarında sığınacağımıza gəlib. Biz qadından sənədlər tələb etsək də, o hələ ki, bizə heç bir sənəd təqdim etməyib. Sənədlər olmadığı halda, nəyin əsasında uşağı onlara qaytarmalıyam?", - deyə K.Ağazadə əlavə edib.
K.Ağazadə ananın ruhi və psixi durumu haqda da məlumat verib: "Qadın iddia edir ki, o uşağı atmayıb. Körpəni həkimə aparmaq üçün atasının mağazasına qoyaraq gedib. Həmin qadının təxminən 32 yaşı olardı. Onun heç bir ruhi, psixi problemi hiss olunmurdu, normal idi. Sadəcə olaraq belə şəxslərin davranışları qeyri-normaldır. Yəni yaş yarımlıq uşağı mağazada qoyub getmək necə normal bir addım hesab edilə bilər? Ona görə də, mən nə o qadının, nə də ata adlanan şəxsin səmimiliyinə inanmıram".
Birlik sədrinin sözlərinə görə, yaş yarımlıq azyaşlı qeyri-rəsmi münasibətdən dünyaya gəlib.