Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 01 iyul — Sputnik. "Şəki Xan sarayının Mədəni İrs siyahısına salınması ilə bağlı uzun müddətdir ki, iş aparılır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilat komitəsinin sədri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, Şəki Xan sarayının siyahıya salınması ilə bağlı təkliflər irəli sürülüb: "Hər şey komitənin qərarından asılıdır. Əvvəlcədən danışmaq istəmirəm".
Nazir, eyni zamanda İranın Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi barədə təşəbbüsünə də münasibət bildirib: "Bu, olduqca maraqlı təşəbbüsdür. İlkin nəticələrə görə, Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır. Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər. Hər iki ölkə Hirkan meşələrinin birgə layihə çərçivəsində qorunmasını həyata keçirə bilər".