Kiprdə partlayış: Suriya raketi kəndə düşdü

© AFP 2024"S-200" raketi
S-200 raketi - Sputnik Azərbaycan
Abunə olmaq
Raketin İsrailin hava hücumundan müdafiə olunmaq üçün atıldığı ehtimalı var

BAKI, 1 iyul — Sputnik. Dünən axşam Şimali Kiprin Lefkoşa və Girne şəhərləri arasında yerləşən Taşkent kəndinə naməlum cismin düşməsi nəticəsində ərazidə partlayış baş verib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri əhalinin partlayış yerinə yaxınlaşmasına qadağa qoyub. Yerli media ərazidə yanğının müşahidə olunduğunu deyir.

Bu arada, Türkiyənin "DHA" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir ki, naməlum cismin Suriyaya məxsus "S-200" raketinin olduğu güman edilir. Raketin İsrailin hava hücumundan müdafiə olunmaq üçün atıldığı ehtimalı var.

İsrailin dünən axşam Suriyaya hava hücumu haqqında xatırladan mənbə deyib: "Ehtimal ki, bu raket Suriya tərəfindən atılıb. Raketlə bağlı tapıntılar və məlumatlar Baş Qərargaha göndərilib. Ankaradan dəqiq məlumat gələcək".

Kiprin yunan hissəsinin Müdafiə Naziri Savvas Angelidis isə bildirib ki, düşən cisimlə bağlı bütün birləşmələr hazırlıq vəziyyətinə gətirilib.

Angelidis Kiprin radio və televiziya şirkəti "RIK"ə verdiyi qısa açıqlamada hökumətin BMT ilə məsləhətləşmələr apardığını deyib.

Partlayışa səbəb olmuş cismə dair müxtəlif versiyaların olduğunu deyən Angelidis, məsələ ilə bağlı son bir nəticəyə gələnə qədər hər kəsin səbirli olmasını istəyib.

Kiprin türk hissəsinin Baş Nazir Köməkçisi və Xarici İşlər Naziri Kudrət Özərsay isə adaya düşmüş cismin Suriyaya qarşı təşkil olunmuş hava hücumundan müdafiə məqsədilə buraxılmış Rusiya istehsalı raket olduğunu deyib.

Xəbər lenti
0