BAKI, 28 iyun — Sputnik. Türkiyədə sevgilisi tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülən 24 yaşlı Qənirə Cabbarovanın qatili 24 yaşlı Halil Acar ömürlük həbs cəzasına məhkum edilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə yanvarın 2-də Türkiyənin Burdur şəhərinin Karamanlı qəsəbəsində baş vermişdi. Belə ki, gecə yarısı sevgililər barda əyləndikdən sonra Gölhisar qəsəbəsinə qayıtmaq üçün taksiyə miniblər. Elə aralarında mübahisə də taksidə başlayıb.
Mübahisə əsnasında Halil Acar Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vurmuşdu. Hadisədən sonra Halil Acar jandarma tərəfindən saxlanılmış və ona "qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılmışdı.
Məhkəmədə Halil Acar peşman olduğunu bildirsə də, məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində məlum olub ki, Halil Acar qızı bıçaqlayan zaman o, anası Gülnur Bayramovaya zəng edib və harada olduğunu soruşub. Qızı öldürdükdən sonra Halil Acar qadına zəng edərək: "Qızını öldürdüm, gəl apar", - deyib.