Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 28 iyun — Sputnik. "Avroviziya-2019" beynəlxalq musiqi yarışı başa çatandan sonra Çingiz Mustafayev əlini qoynuna qoyub oturmayıb, özünün yeni layihələrini reallaşdırmaq üzərində işləyir. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində müğənni özü məlumat verib.
- Çingiz, "Avroviziya"dan sonra həyatınız necə dəyişib?
- Etiraf edim ki, mən sanki on il əvvələ qayıtmışam. "Yeni ulduz" musiqi müsabiqəsində də qalib olduğum zaman ətrafımda eyni atmosfer hökm sürürdü - insanların mənə, yaradıcılığıma marağı artmışdı. Hətta heç yerə çıxa bilmirəm, o saat hamı mənə yaxınlaşır. Artıq bütün bunlardan keçmişəm, ona görə də bu hiss mənim üçün yeni deyil. Əlbəttə bütün bunlar xoşdur.
- Bu müsabiqədə iştirak edəndən sonra bir çox müğənnilər ya depressiyaya düşürlər, ya da onlarda ulduz xəstəliyi başlayır. Bəs bütün bunlar sizə necə təsir göstərib?
- "Avroviziya"dan sonra çox yorulmuşdum. Biz demək olar ki, istirahət etmirdik. Məndə heç bir depressiya yaranmayıb. Yorulmadan işləyirəm, nadir hallarda hansısa tədbirə gedirəm. Gecə həyatını sevmirəm. Mənim öz studiyam var, orada işləyirəm və yaradıram. Ulduz xəstəliyi barədə isə onu deyə bilərəm ki, indiyə qədər heç vaxt o xəstəliyə tutulmamışam. Hətta komandamızın üzvləri deyirlər ki, məndə bu layihədə iştirakdan sonra heç nə dəyişməyib. Hamı olmasa da, adamlar şöhrətə çatandan və məşhurlaşandan sonra özləri öz psixoloji durumlarının öhdəsindən gələ bilərlər.
- "Avroviziya"da yeddinci yerdən səkkizinci yerə düşəndə, bunu necə qarşıladız?
- Mən qalib gəlmədim. Ona görə də mənim üçün yeddinci və səkkizinci yerlərin hər ikisi eyni şey idi. Mən daxilən özümü qalib hiss edirəm. Çünki nə azərbaycanlılar, nə də avropalılar mənim çıxışım və mahnım haqqında heç bir neqativ fikir səsləndirməyiblər. Hər şey hamının xoşuna gəlib. İndiyə qədər də insanlar mənə yazırlar və dəstəkləyirlər.
- Bir daha "Avroviziya"da çıxış etmək istəyərdiz?
- Adamlar özləri nəinki Azərbaycanda, elə Avropada da bunu istəyirlər. Hamı yazır və deyir ki, məni bu layihədə görmək istəyirlər. Mən özüm də orada növbəti dəfə çıxış etməyin əleyhinə deyiləm. Amma bilirəm ki, bu, gələn il baş verməyəcək.
- Bu layihədən sonra sizi Bakıda tapmaq müşkülə çevrilib və həmişə harasa səfər edirsiz. Xaricdən hansısa əməkdaşlıq təklifi var?
-Siz haqlısız, mən həmişə harasa gedirəm, hətta "Avroviziya"dan sonra normal dincələ və özümə gələ bilməmişəm. Məni Rusiyaya, Türkiyəyə verilişlərə, konsertlərə çağırırlar. Bütün bunlarla yanaşı, iyunun 27-də Almaniyada, avqustda isə Portuqaliyada çıxışlarım olacaq. Eyni zamanda bütün yayı da dincəlmək istəyirəm. Təkliflər çoxdur və hamısı da xoşuma gəlir.
- Yaradıcılığı xaricdə davam etdirmək arzunuz var?
- Həmişə xaricdə karyera qurmaq istəmişəm, amma mənim üçün Azərbaycan birinci yerdədir. Bütün bu vaxt ərzində vətəndə işləmişəm, yeni layihələrimi reallaşdırmışam, Azərbaycan mahnılarını dəyişdirmişəm. Bütün bunlardan sonra da Azərbaycanda işləmək istəyirəm. Bir az da Avropada işləmək istəyərdim.
- Ora köçmək fikriniz var?
- Yox.
- Xaricdəki çıxışlarla yanaşı "Jara-2019" Beynəlxalq Musiqi Festivalına da qatılacaqsız. Tamaşaçılara nə təqdim edəcəksiz?
- Mən bu festivalda ilk dəfə iştirak edəcəyəm. Ona görə də hər şeyin necə keçəcəyini bilmirəm. Mən orada özümün "Avroviziya" mahnımı - "Truth"u ("Həqiqət") oxuyacağam. Tamaşaçıları qeyri-adi səhnə nömrəsi də gözləyir.