Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 iyun — Sputnik. Təhsil Nazirliyi bu ilin avqust ayının 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulunu dayandırıb. Buna səbəb ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesinin elektronlaşdırılmasıdır.
Qeyd edək ki, son illər şagirdlərin yerdəyişməsində dinamika müşahidə olunur. Birdə görürsən ki, paytaxtın tanınmış ümumtəhsil müəssisəsindən birində təhsil alan şagirdin buraxılış ilində səsi regionlardakı hansısa ucqar kənd məktəbindən gəlir. Səbəb isə son illər şagirdlərin ali məktəblərə hazırlıqla bağlı repetitor yanına getdikləri üçün təhsil aldıqları məktəbdən çıxıb adlarını kənd məktəblərinə yazdırmasıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov nazirliyin bu yeniliyinin çox vacib addım olduğunu söyləyir. Ekspert deyir ki, bununla nazirlik məktəb direktorlarının rüşvət alaraq şagirdlərin adlarını başqa məktəblərə yazmasının qarşısını almış olur: "İlk növbədə qeyd etmək istəyirəm ki, hal-hazırda ölkədə 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır. İl ərzində müəyyən səbəblərə görə şagirdlər məktəbini dəyişməyə məcbur olur. Bu proses baş verəndə bəzi məktəb direktorları qanunsuz tələblər irəli sürürlər. Artıq 2019-cu ilin 1 sentyabrından şagird yerdəyişməsi elektronlaşdırılır. Bundan sonra ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron qaydada həyata keçiriləcək. Yəni, bəzi məktəb direktorlarının bazarı bağlandı. Daha yer yoxdur deyib, sonradan nəyinsə qarşılığında qəbul etmə dövrü bitmiş olacaq. Həm də X-XI sinifə qədər Bakıda, sonradan hazırlığa getmək üçün adını rayon, məcburi köçkün məktəblərinə yazdıranların da qarşısı alınacaq. Ümumiyyətlə elektron xidmət göstərilməsi, xüsusi ilə də bunun təhsil sistemində tətbiq edilməsi çox müsbət addımdır. Hesab edirəm ki, təhsil sistemində bütün işlər, proseslər elektron qaydaya keçsə, kənar-subyektiv müdaxilə minimuma enər. Dərs bölgüsünün də tezliklə elektron qaydaya, nazirlik tərəfindən bölünməsinə keçməsini istəyərdim. Ümumiyyətlə direktor imicinin maxinatordan menecerə keçidi tezləşsin. Direktor sadəcə idarəedici roluna sahiblənsin. Düzdür, bu proses ona aparır, amma bir az ləng şəkildə. Ümid edirəm ki, həyata keçirilən islahatlar və tədbirlər təhsilin əlçatımlılığı, inkişafı üçün mühüm addımlar olacaq".
Təhsil Nazirliyindən verilən məlumata görə, övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin yarım illik və illik qiymət cədvəli əlavə edilir. Məktəbin direktoru 2 iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən əmrləşdirilir. Bu, I-IX sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi qaydalarına aiddir. X-XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsinə isə, ailəsi ilə birlikdə yaşayış yerinin dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə, lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda icazə verilir.
Xatırladaq ki, şagirdlərin yerdəyişməsinin elektronlaşması ilə əlaqədar ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən ala bilərlər.