CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dublyajın ən ciddi problemi nədir və Van Dammı niyə Həmidə Ömərovaya tapşırdılar?

© AP Photo / Victor R. CaivanoDublyaj studiyasında səsin yazılması
Dublyaj studiyasında səsin yazılması - Sputnik Azərbaycan
Abunə olmaq
Bir filmdə 8 aktyor dublyaj edirsə, hamısına eyni - 40 manatdan - verilir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. "Xahiş edirəm, dublyajı bacaranlar etsinlər. Bir dənə babat dublyaj qalıb. Onu da pis günə qoymayın. Azərbaycan dilini korlamayın. Səslərə fikir verin. Hansı aktyor hansı obrazı səsləndirə bilər - buna diqqət edin. Vallah, camaat söyür. Elə bilirsiniz, baxmırlar? Hamı baxır. Bacardı-bacarmadı, hamı dublyajla məşğuldur. Gedin özünüzə iş tapın. Elə peşəkar teatra da aiddir. Yerindən duran gəlib aktyor olur. Seriala, filmə çəkilir. Bəsdir daha. Buna bir son qoyan olsaydı..."

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov
Dublyajın ən ciddi problemi nədir və Van Dammı niyə Həmidə Ömərovaya tapşırdılar? - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov

Bu fikirləri Azərbaycanın Əməkdar artisti Cəlal Məmmədov öz "Facebook" hesabında yazıb. Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı aktyoru danışdırmaq qərarına gəldi:

- Cəlal bəy, necə oldu ki, dublyajla məşğul olmağa başladınız?

- Uşaq vaxtlarımdan baxdığım filmlərdə Həsən Əblucun, Səməndər Rzayevin səsinə qibtə edirdim. O vaxt "Bulaq" verilişi vardı. Sevə-sevə dinləyirdik. Tale elə gətirdi ki, aktyor oldum. Teatrda fəaliyyət göstərdim. Elə indi də Sumqayıt Dövlət Dram Teatrının aktyoruyam. 2005-ci il idi. Teatrda tamaşa məşqi gedirdi. Bizim teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova zəng gəldi. Həmin dövrdə "Lider" TV-də məşhur "Klon" serialı nümayiş olunurdu. Dublyaj üçün aktyor istədilər. Firudin müəllim də teatrdan üç nəfəri - Rauf Ağakişiyevi, Xatirə Süleymanovanı və məni məsləhət bildi. Dublyajda ilk addımım məhz həmin serialla olub. Artıq 10 ildir, Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyət göstərirəm.

- Kənardan, bəlkə də, maraqlı ola bilər. Amma işin içində çatışmayan tərəflər daha aydın görünür. Bu illər ərzində hansı nöqsanlar diqqətinizi cəlb etdi?

- Dublyajda problemlər çoxdur. Avadanlıqlar televiziyalarda istənilən səviyyədə deyil. Qulaqcıqdan monitora qədər - hamısı köhnədir. Filmlər lisenziyalı deyil. Filmlərdə səslər 4-5 xətdən ibarət olur. Aktyorun səsi, interküy, təbiətin səsi və s. Pirat film olduğu üçün bizdə hamısı bir yerdədir. Filmlərin seçimi düzgün deyil. Zamanlaması düz deyil. Axşam efirə getməli olan film səhər göstərilir. Ciddi kadr və aktyor çatışmazlığı var. Dünyanın bir çox ölkəsində - götürək elə qonşumuz Rusiyanı - filmlərdə uşağı uşaq dublyaj edir. Bizdə isə təsəvvür edin, 12 yaşdan aşağı uşaqları 55-60 yaşlı aktrisalar səsləndirirlər. Filmlərdə səslər düzgün seçilmir. Bir də görürsən ki, Ceki Çanın filmi gedir. Üz ifadəsi ilə səs tamamilə fərqlidir. Ləhcələr ciddi problemdir. C-ç hərflərinin deyilişində nöqsanlar var.

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov
Dublyajın ən ciddi problemi nədir və Van Dammı niyə Həmidə Ömərovaya tapşırdılar? - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov

- Problemin həllini nədə görürsüz?

- Bizim İncəsənət Kollecində o qədər istedadlı uşaqlar var ki, onları yetişdirsinlər. Kinostudiyaya cəlb etsinlər. Televiziyalarda təcrübə keçməyə aparsınlar. Bu gənclərdə maraq oyatmaq lazımdır. Eyni zamanda, vahid dublyaj mərkəzi olmalıdır. İşin başında da peşəkar durmalıdır. Film əvvəlcə baxılmalı, senzuradan keçməli, kim gəldi yox, uyğun aktyorlar cəlb edilməlidir. Bütün televiziya kanalları üçün filmlər məhz o mərkəzdə dublyaj olunmalıdır. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası da bu quruma nəzarət etməlidir. Bu, həm televiziyaların təkrarçılıq etməmələrinə kömək edər, həm də ortaya peşəkar, səviyyəli iş qoyular. Bu gün elə televiziyalar var ki... Adını da çəkə bilərəm, məsələn, "Space" kanalında filmlərə heç kim baxmır. Çünki 2003-2004-cü illərdə dublyaj olunmuş filmlərdir. Təsəvvür edin, filmdə aləm dəyib bir-birinə - eyni vaxtda rus, ingilis və Azərbaycan dillərində səslər eşidilir. Bunların da hamısı lisenziyasız filmlərin olması ilə əlaqədardır.

- Peşəkar dublyajla məşğul olan nə qədər aktyor var?

- Barmaqla sayılası qədər. Əvvəllər qonorar güclü idi. İndi isə gülünc.

- Qonorardan söz düşmüşkən, indi nə qədər ödəniş edirlər?

- Keçmişdə kateqoriyaya bölünürdü. Baş rol səsləndirən aktyor artıq pul alırdı. İndi isə fərqlidir. Bir filmdə 8 aktyor dublyaj edirsə, hamısına eyni - 40 manatdan - verilir. Maksimum 50 manatdır. Fərq qoyulmur, bu da düzgün deyil. Mən başa düşə bilmirəm, Rasim Balayevlə başqasını necə eyni qiymətləndirmək olar?!

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov
Dublyajın ən ciddi problemi nədir və Van Dammı niyə Həmidə Ömərovaya tapşırdılar? - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov

- Cəlal bəy, peşəkar sahədə peşəkar aktyora bu cür qiymət verilirsə, digər yerlərdə vəziyyət necədir?

- Digər yerlərdə biabırçılıq: 20-25 manat. Yüksək məbləğ, dediyim kimi, Azərbaycan televiziyasındadır. Amma orada da hər adam gəlib dublyaj edə bilməz. Çünki orada Eldəniz Rəsulov, Ədalət Məmmədov, Şəfəq Əliyeva, Almaz Amanova, Venera Abbasova, Hüsniyyə Mürvətova kimi samballı sənətkarlar çalışırlar.

- Adlarını sadaladığınız aktyorlar həqiqətən gözəl və fərqli səsə malikdirlər. Maraqlıdır, bəs yeni nəsil varmı?

- Fəaliyyət göstərdiyim 14 il ərzində çox gənclər olub ki, gəlib, gediblər. Səbəb də əsəb, dözümsüzlük, iddialı olmamaq. Bu sahədə çalışmaq üçün öyrənmək lazımdır, texnika lazımdır, intuisiya işləməlidir, aktyor ağzını nə vaxt açacaq və sinxron danışacaq - bunlar hamısı şərtdir. Xarici dillərdən anlayışın olmalıdır. Cümlə harada başlayır, harada bitir - hiss etmək lazımdır.

- Dediklərinizdən belə anlaşıldı ki, dublyajın ən ciddi problemi maliyyədir.

- İlk növbədə maliyyədir. Bu gün gedək kinoteatrlara, oradakı səsləri dinləyək. Mən dəqiq bilirəm ki, həmin filmi səsləndirən aktyor aşağı məbləğ alıb.

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov
Dublyajın ən ciddi problemi nədir və Van Dammı niyə Həmidə Ömərovaya tapşırdılar? - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov

- Kinoteatrdan söhbət düşmüşkən. Bir problem də orada nümayiş olunan filmlərdəki subtitrlərdədir. Film rus dilində səslənir, alt yazısı azərbaycanca. Rus dilini bilən şəxs fərqi o dəqiqə hiss edir.

- Tam haqlısınız. Bu işin birbaşa günahkarı kinoteatr rəhbərinin özündədir. Necə ola bilər ki, öz dilimizə hörmətlə yanaşmayaq? Peşəkar redaktorlara, aktyorlara müraciət etmirlər.

- Problemdən çox danışdıq. Dublyajda maraqlı, gülməli hadisə baş verirmi?

- Bir dəfə Ədalət müəllim Həmidə Ömərova ilə güclü zarafat edib. Deməli, Jan Klod Van Dammın "Çətin hədəf" filmi səsləndirilməli imiş. Ədalət müəllim rejissora yaxınlaşıb deyib ki, rəhbərlik məsləhət gördü ki, Van Dammı Həmidə xanım səsləndirsin. Rejissor da inanıb. Həmidə xanımın da məsələdən xəbəri yox. Rejissor da Həmidə xanıma deyib ki, buyurun, səsləndirək. İki səhifə Van Dammı səsləndirəndən sonra Ədalət müəllim özünü saxlaya bilməyib. Qəhqəhə çəkib gülüb. O dəqiqə anlayıblar ki, bu bir zarafat imiş.

Xəbər lenti
0