BAKI, 26 iyun — Sputnik. Gürcüstan paytaxtının mərkəzindəki Rustaveli prospekti bağlıdır. Burada artıq yeddi gündür, etiraz aksiyaları keçirilir.
Sputnik Gürcüstan xəbər verir ki, aksiyaya bir neçə min insan qatılıb və onların indi bircə tələbi var - Daxili İşlər naziri Georgi Qaxariyanın istefası.
Aksiya iştirakçılarının hamısının bir gözündə qan rəngində sarğı var. Bu, etiraz simvoludur - mitinqə çıxanlar bu yolla birinci aksiyanın dağıdılması zamanı gözlərinə rezin güllə dəyib çıxaran iki nəfəri dəstəkləyirlər.
Bu gün Tbilisi şəhər məhkəməsi iyunun 20-21-də Gürcüstan paytaxtında etiraz aksiyaları zamanı saxlanılan daha 51 şəxsi azad edib.
Beləliklə, bir neçə gün davam edən aksiyalardan sonra etirazçıların 4 əsas tələbindən üçü - parlament sədrinin istefası, seçkilərin proporsional qaydada növbədənkənar keçirilməsi və aksiya zamanı saxlanılanların azad edilməsi - yerinə yetirilib.