BAKI, 26 iyun — Sputnik. Türkiyəyə bacısının yanına istirahətə getmiş gənci avtomobil vuraraq öldürüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən axşam 18:30 radələrində Yalovanın Altınova qəsəbəsində baş verib.
Məlumata görə, Azərbaycandan bacısının yanına istirahətə gedən Hüseyn Zilfioğlu işıqforun qırmızı işığında velosipedlə yolu keçməyə çalışarkən onu ard-arda iki avtomobil vurub.
Belə ki, əvvəlcə 21 yaşlı gənci M.T. adlı sürücünün idarə etdiyi 34ABF616 dövlət nömrə nişanlı avtomobil vuraraq 56AY211 dövlət nömrə nişanlı avtomobilin üzərinə atıb. Bir müddət bu avtomobil onu sürüdükdən sonra gənc yolun kənarında dayanmış 56LSA70 dövlət nömrə nişanlı avtomobilin altına düşüb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Hüseyn Zilfioğlu hadisə yerində ölüb. Onun cənazəsi Bursa morquna aparılıb. Ölümün səbəbi araşdırıldıqdan sonra cənazə dəfn edilmək üçün Azərbaycana göndəriləcək.
Qəza anı müşahidə kameraları tərəfindən qeydə alınıb.