Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyun — Sputnik. Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu davam edir. Sputnik Azərbaycan xəbər verir ki, forumda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib.
Forumun açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib. Mükafatların təqdimetmə mərasimində BMT-nin Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər.
5 fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tailand, Kosta Rika, Koreya Respublikası, Avstriya, Çili olub.