BAKI, 24 iyun — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Simferopola (Krıma) müntəzəm marşrut xətti üzrə avtobus reyslərinin açılması barədə yayılan məlumata aydınlıq gətirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Sputnik Azərbaycan-a bildirildi ki, bu barədə bəzi xarici kütləvi informasiya vasitələrində yayılan xəbərlər həqiqətə uyğun deyil: "Hər hansı ölkəyə beynəlxalq marşrut xətləri ilə bağlı razılıq paritet əsaslarla müraciət əsasında tənzimlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti qeyd olunan müntəzəm marşrut xətti üzrə reyslərin açılmasına dair heç bir təşəbbüslə çıxış etməyib və bununla bağlı quruma ünvanlanan heç bir müraciət üzrə razılıq verilməyib".
Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıdan Simferopola müntəzəm avtobus reysləri açılması barədə məlumat yayılmışdı. Bunu "RİA Novosti"yə açıqlamasında "Krımavtotrans" şirkətinin rəhbəri İqor Korobçuk deyib.
"Bakıya reyslər keçən ay açılıb. Daşıyıcılar reysi həftədə bir dəfə həyata keçirəcəklər", - deyə Korobçuk bildirib.