Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 iyun — Sputnik. Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində tullantı sutəmizləyici qurğunun tikintisi ilin sonunadək başa çatacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu"nun tikintisi başa çatdıqdan sonra dəniz sahili boyunca kanalizasiya kollektorlarının tikilməsi nəzərdə tutulur. Bununla da çirkab suların dənizə axıdılmasının qarşısını almaq mümkün olacaq.
Məlumat üçün bildirək ki, tullantı sutəmizləyici qurğular hazırda Sumqayıt, Şüvəlan, Buzovna, Hövsan ərazilərində var. Xatırladaq ki, bu bioloji tipli qurğunun məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. Qurğu istismara verildikdən, həmçinin ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa, Mehdiabad, Digah, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcək.
Qeyd edək ki, "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu" layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.