BAKI, 22 iyun — Sputnik. 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Bu barədə Sputnik Azərbaycan-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Xəbərdarlıqda bildirilir ki, qeydiyyat üçün bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış, şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə, hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə, 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd, ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə, təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqinə dair sənədlər tələb olunur.
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.