BAKI, 22 iyun — Sputnik. Tbilisidə, parlament binası qarşısında yenidən etiraz aksiyası keçirilir.
Sputnik Gürcüstan bildirir ki, mitinqin iştirakçıları tələblərini yazdıqları bannerlər açıblar. Əsas tələb Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariyanın istefasıdır. Etirazçılar həmçinin birinci aksiyada saxlanılan bütün şəxslərin azad edilməsini və proporsional sistem üzrə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Aksiyanın təşkilatçılarından biri, siyasi partiyalarla əlaqəsi olmadığı bildirilən Mişa Mşviladze tələbləri tribunadan səsləndirərək hər kəsi birləşməyə çağırıb.
"Biz bu gün çox mürəkkəb qərar qəbul etdik, çıxış edənlər arasında siyasətçilər də olacaq", - Mşviladze əlavə edib.
Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurmada 240 nəfər yaralanıb.
Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.