BAKI, 22 iyun — Sputnik. İtaliyanın Paytaxtı Romada Azərbaycan kinosu festivalının açılışı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, festivalı açıq elan edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu cür mədəni hadisələrin iki ölkə arasında münasibətlərinə müsbət təsiri olduğunu vurğulayaraq tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi Azərbaycanın zəngin mədəni ənənələrə malik ölkə, buradakı multikultural mühitin dünya üçün nümunə olduğunu bildirib. İtaliya və Azərbaycan arasında yaxın tərəfdaşlıq əlaqələrinin mövcudluğunu deyən deputat mədəniyyət sahəsinin əlaqələrdəki əhəmiyyətindən danışıb. Festivalın ilk günü kino incilərimizdən olan "Arşın mal alan" filmi nümayiş olunub. Festival çərçivəsində "Təhminə və Zaur", "Son iclas", "Nar bağı" filmləri göstəriləcək.
Festival Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi və Roma şəhər meriyasının təşkilatçılığı ilə həyata keçirilir.