Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 iyun — Sputnik. Çimərlik mövsümü başlayandan may ayının 20-dək dənizdə boğulma təhlükəsi ilə üzləşən 24 nəfər xilas edilib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Əlili məlumat verib.
A.Əlili bildirib ki, çimərlik ərazilərində bu il ölüm hadisəsi baş verməyib. Onun sözlərinə görə, Xidmətin çimərlik ərazilərində 35 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış qrupu fəaliyyət göstərir.
Şöbə rəisi əhaliyə xəbərdarlıq da edib. O, bildirib ki, suda boğulma halları əsasən nəzarətsiz ərazilərindən istifadə edənlərdir: "Biz əhaliyə dəfələrlə etdiyimiz xəbərdarlıqlarda da, indi də bildiririk ki, qeyri-çimərlik ərazilərindən istifadə etməsinlər. Çox təəssüf ki, insanlar həyatlarını təhlükəyə ataraq belə ərazilərə üz tuturlar".