Xalid Məmmədov, Sputnik-Azərbaycan.
BAKI, 21 iyun - Sputnik. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü sessiyasında iştirak edən Gürcüstan nümayəndə heyətinin təcili geri qayıtması qonşu ölkədə gözlənilməz hadisələrin baş verməsi ilə bağlıdır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan nümayəndə heyətinin dünən Bakıdan Tbilisiyə qayıtmasına münasibət bildirərkən deyib.
O deyib ki, Gürcüstan parlamentinin sədri gözlənilməz hadisələrlə əlaqədar dünən ölkəsinə qayıdıb: “Gürcüstan nümayəndə heyəti dünən QDİƏT Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 53-cü iclasının açılışında iştirak edirdi. Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, QDİƏT Parlament Məclisinin işinə təsir göstərmədi. Bir neçə sənəd yekdilliklə qəbul edildi. Bir ölkənin olmaması buna təsir etmir”.