BAKI, 19 iyun — Sputnik. Ukrayna paytaxtı Kiyevdə "Xalq Cəbhəsi" fraksiyasının deputatı, məşhur bloger Dimitri Tımçuk həlak olub. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir.
İstintaqın versiyasına görə, Tımçuk mükafat kimi qazandığı silahı təmizləyərkən həlak ola bilər.
"Xalq cəbhəsi" fraksiyasının rəhbərinin müavini Andrey Teteruk isə bəyan edib ki, hazırda istintaq deputatın ölüm səbəblərinin müəyyənləşdirilməsi üzərində işləyir.
"Hələlik heç kim dəqiq nə baş verdiyini deyə bilməz. Yalnız istintaq bunun intihar və ya intihar kimi görünən qətl olduğunu deyə bilər", - deyə Teteruk qeyd edib.
Ukrayna Milli Polisinin rəhbəri jurnalistlərə bildirib ki, ölüm vaxtı deputat mənzildə tək olmayıb, həmin vaxt orada olan vətəndaşlar müstəntiqlər tərəfindən dindirilirlər. Qonşular iddia edirlər ki, onlar atəş səsi eşitməyiblər.
"Strana.ua" qeyd edir ki, ölümündən bir neçə gün əvvəl Tımçuk Ukrayna Ali Radasına növbədənkənar seçkilərdə iştirak etməkdən imtina etmişdi.
Hazırda faktla bağlı araşdırmalar aparılır.