Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 19 iyun — Sputnik. Şəhərin 70 illik yubileyi ərəfəsində Sumqayıtda bir neçə sosial əhəmiyyətli obyekt inşa edilir. Belə ki, şəhərin dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisi aparılır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ümumi sahəsi 3200 kvadratmetrlik binada 400 nəfərlik tamaşaçı zalı olacaq. Eyni zamanda, mərkəzdə 1 direktor və 14 sinif otağı yaradılacaq. Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, dövlət vəsaiti hesabına Sumqayıt şəhərində həyata keçirilən iri layihələrdən biri də Dənizkənarı bulvarın daha 1 km. uzadılmasıdır. Bulvarda çimərlik üçün də xüsusi yer ayrılıb.
Bundan başqa, Sumqayıtda 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş Nizami kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. İnşa olunan kinoteatr üç zaldan ibarət olacağı nəzərdə tutulur.
Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı. Son 30 ildə ilk dəfə Sumqayıtda inşa ediləcək kinoteatr ilin sonuna təhvil veriləcək.