BAKI, 19 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp iyunun 18-də Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı gələn il prezident seçkilərində iştirak edəcəyini bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, "RİA Novosti" ilə müsahibəsində Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov Trampın 2020-ci ilin prezident seçkilərində şanslarını qiymətləndirib.
Qarbuzovun fikrincə, ABŞ prezidentinin respublikaçılar sırasında rəqibi yoxdur, lakin demokratlardan 2009-2017-ci illərdə Barak Obama administrasiyasında vitse-prezident vəzifəsini tutmuş Co Bayden ona rəqib ola bilər.
"Şübhə edirəm ki, respublikaçılar sırasında Trampa bərabər, seçkilərə qatılıb Trampı məğlub edə biləcək kimsə olsun. Onlar isə başa düşürlər ki, Trampı məğlub etmək çox çətindir", - deyə ekspert bildirib.
Onun fikrincə, həm demokratlar, həm də respublikaçılar hazırda “lider böhranı”ndan əziyyət çəkirlər, çünki qarşıdan gələn seçkilər iki ən yaşlı namizədin, Tramp və Baydenin mübarizəsinə çevrilə bilər.
“Hazırda demokratların favoriti Baydendir, yəni bütün bu illər ərzində demokratlar Klinton və ya Obama kimi gənc və partiyanı arxasınca apara biləcək lider tapa bilməyiblər”, - ekspert deyib.
Baydenin şanslarını qiymətləndirən Valeri Qarbuzov Trampın keyfiyyətlərinin onda olmadığını deyib.
“Təsəvvür edək ki, Bayden praymerizi (ilkin seçkiləri) qazanıb və finişə çatıb. Lakin o, Trampı məğlub edə biləcəkmi? Elə hər kəsi maraqlandıran sual da budur, çünki keçmiş seçkilərdə Trampdan gələn həmin o enerjini vermək Bayden üçün problemli olacaq, Bayden bunu edə bilməyəcək”, - Qarbuzov vurğulayıb.
“Lakin Baydenin öz seçicisi var. Solçu demokratlar da Trampa qarşı mübarizə aparmaq vaxtının gəlib çatdığını anlayaraq Bayden ətrafında birləşə bilərlər”, - o deyib.
Qarbuzovun fikrincə, burada da əsas məsələ Baydenin seçiciləri nə dərəcədə inandıra biləcəyindən asılıdır.
Bununla yanaşı, o hesab edir ki, demokratlar Rusiyanın 2016-cı ilin seçkiqabağı kampaniyaya müdaxilə etməsinə dair xüsusi müstəntiq Robert Müller tərəfindən təqdim edilmiş hesabatı Trampa qarşı istifadə edəcəklər.
“Demokratlar seçiciləri inandırmağa çalışacaqlar ki, Amerika demokratiyasına zərbə endirilib və Tramp ikinci dövr üçün Ağ Evdə qala bilməz. Onlar, həmçinin Vaşinqtonda xaosun hökm sürdüyünü və Trampın milləti birləşdirməyə müvəffəq olmadığını deyəcəklər”, - ekspert bildirib.
Onun fikrincə, Trampın əsas uğuru ABŞ iqtisadiyyatının hazırkı vəziyyətidir: "Əgər gələn ilin sonuna heç nə baş verməsə, əgər iqtisadi artım bu gün olduğu kimi davam etsə, Tramp yenidən seçiləcək. Hazırda Tramp üçün vacib olan 2016-cı ildə demokratlardan qopara bildiyi elektoratı saxlaya bilməkdir".
Qarbuzov deyir ki, əgər Tramp daha çox seçiciləri “qopararaq” öz tərəfinə çəkə bilsə, bu, ABŞ prezidentinin taktikasının uğurlu olduğunu göstərəcək.